Xəbərlər
05 NOYABR / 2021 / 12:26
Bakı Limanında şəhid olan liman əməkdaşlarının xatirəsini əbədiləşdirmək üçün inşa edilən abidə və park kompleksinin açılışı olub
Bakı Limanının ərazisində Qarabağ müharibəsində şəhid olan liman əməkdaşlarının xatirəsini əbədiləşdirmək üçün inşa edilən abidə və park kompleksinin açılışı olub. Ələt qəsəbəsində baş tutan təbdirdə, Bakı Limanının rəhbərliyi ilə yanaşı, 1-ci və 2-ci Qarabağ müharibələrində şəhid olan liman əməkdaşlarının ailə üzvləri və qazilər iştirak edib. Mərasimdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib. Daha sonra çıxış edən Baş direktor Taleh Ziyadov 2020-ci ilin Azərbaycanın müstəqillik tarixində ən yadda qalan il olduğunu, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmənə dağıdıcı zərbə endirdiyini və illərdir davam edən işğala son qoyduğunu bildirib. Bu böyük qələbəyə aparan yolda Azərbaycan əsgərinin misilsiz şücaət göstərdiyini deyən Baş direktor Vətən müharibəsində, cəbhənin müxtəlif istiqamətində gedən döyüşlərdə Bakı Limanının əməkdaşlarının da iştirak etdiyini bildirib. Limanın Bərə terminalında dispetçeri vəzifəsində çalışmış Mirsafa Rzayevin Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucaldığı qeyd edilib və bütün şəhidlərə Allahdan rəhmət dilənilib.Daha sonra şəhid ailələrinə və müharibə iştirakçılarına söz verilib. Onlar da bu təşəbbüsə və mütəmadi olaraq göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Açılış mərasimindən sonra şəhidlərin ailə üzvələri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib, onların fikirləri dinlənilib.
Qeyd edək ki, Bakı Limanı ərazində 1500 kvadrat metrlik ərazidə salınan parkda şəhidlərin adlarının əks olunduğu abidə ucaldılıb və qalib Azərbaycan əsgərinin siması, eyni zamanda döyüş səhnələri əks olunub. Parkın ərazisində iqlim şəraitinə uyğunlaşa bilən çoxlu sayda dekorativ ağaclar, gül kolları əkilib, oturacaqlar qoyulub və ot örtüyü döşənib.
Digər xəbərlər
Bütün xəbərlər