Limanda işə qəbul qaydaları
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində mövcud olan vakansiyalar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilir. Müraciətlər elektron qaydada qəbul edilir. Elan minimum 7 (yeddi) təqvim günü qüvvədə saxlanılır. Vakansiyanın son müraciət tarixi bitdikdən sonra növbəti 2 (iki) iş günü ərzində namizədlərin müəyyən olunmuş meyarların tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə ilkin seçim aparılır. İlkin seçimdən uğurla keçən namizədlər işə qəbulun qiymətləndirilmə prosesinə cəlb edilirlər.
Müvafiq vakansiyaya müraciət edən hər bir namizədə onun vəzifə kateqoriyası üzrə əvvəlcədən müəyyən edilmiş test sualları təqdim edilir:
- Vəzifə funksiyaları üzrə tələb olunan biliklər;
- Məntiqi təfəkkür üzrə biliklər;
- Emosional zəka (EQ);
- Ingilis dili üzrə biliklər.
Test imtahanının müddəti maksimum 60 (altmış) dəqiqə olmaqla onlayn və ya əyani şəkildə keçirilir. İşə dair biliklərini, həmçinin məntiqi təfəkkür səviyyəsini ölçən test suallarının ümumilikdə 60 (altmış) faizini doğru cavablandıran namizədlər müsahibə mərhələsinə keçmək hüququ əldə edirlər.
Müsahibə mərhələsində vəzifə üzrə tələb edilən əsas bilik və səriştələr yoxlanılır və bu mərhələdə uğur qazanmış namizədə iş təklifi edilir.